2026-cı ildə Azərbaycanda 80 quyunun qazılması və quyularda 500-dən artıq əməliyyatın aparılması planlaşdırılır.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hasilat əməliyyatları üzrə idarəsinin (Upstream) qazma işləri üzrə meneceri Fərid Ümüdlü Bakıda keçirilən “IADC Drilling Caspian 2026” konfrans və sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təxminən üçdə biri neft sənayesinin payına düşür və bu sistemin mərkəzində “SOCAR Upstream” dayanır. Qeyd olunub ki, hazırda bu strukturda təxminən 12 min nəfər çalışır.
F.Ümüdlü xatırladıb ki, əvvəlki dövrdə SOCAR daxilində hasilat fəaliyyətini təmin edən üç ayrı qurum mövcud olub. Bunlara hökumətlə qarşılıqlı əlaqələrə cavabdeh olan SOCAR-ın baş ofisi, ölkədaxili aktivlərin əsas operatoru olan “Azneft” İstehsalat Birliyi və beynəlxalq təcrübə əsasında ekspert və texniki dəstək göstərən “SOCAR Upstream” aid idi.
F.Ümidlü ona da qeyd edib ki, ötən il aparılan təhlillər nəticəsində bu qurumların paralel fəaliyyətinin səmərəsiz olduğu müəyyən edilib və onların “SOCAR Upstream” vahid brendi altında birləşdirilməsi ilə bağlı strateji qərar qəbul olunub:
“Bütün aktivlərin konsolidasiyası nəticəsində vahid təşkilata çevrildik. Bu isə vahid qərar qəbuletmə xətti, vahid komanda və vahid baxış deməkdir. Sözügedən yanaşma fəaliyyətimizin səmərəliliyinin və daxili uzlaşmanın artırılması baxımından son dərəcə vacibdir".
O əlavə edib ki, daxili transformasiya mərhələsi başa çatdıqdan sonra xarici dəyişikliklər mərhələsinə keçilib. Bu çərçivədə tərəfdaşlıq modelinin tətbiqinə başlanılıb.
"Əvvəlki dövrdə SOCAR-ın servis şirkətləri ilə birbaşa müqavilələri mövcud olmayıb və bu şirkətlər əsasən podratçı qismində fəaliyyət göstəriblər. 2026-cı ildən etibarən isə SOCAR Upstream vasitəsilə müxtəlif servis şirkətləri ilə birbaşa əməkdaşlıq mexanizmləri formalaşdırılır".
F.Ümüdlü vurğulayıb ki, hazırda həm servis şirkətləri, həm də əsas podratçılarla birbaşa qarşılıqlı əlaqələrin qurulması prosesi davam etdirilir.
Fuad Mədətov
Finss.az
