BİZNES

04 Fevral

“İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib

Finss.az - İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın paytaxı Paris şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Həftəsi - 2026” tədbirində iştirak edib.

İqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində “Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi yolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və strateji təşəbbüslər barədə məlumat verilib. Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayan ölkəmizin beynəlxalq nəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb.

Qeyd edilib ki, makroiqtisadi sabitlik, əlverişli investisiya mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artmasına təkan verir. Rəqəmsallaşma və müəssisələrin rəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş irimiqyaslı layihələrin regional enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə çatdırılıb.

Ölkəmizin  beynəlxalq tərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfli investisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrini genişləndirdiyi nəzərə çatdırılıb. O cümlədən, Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğu vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Görüşdə ölkəmizin İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında tərəfdaşlığın prioritet istiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransaya səfər çərçivəsində “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye ilə görüşüb.

Görüşdə  Azərbaycanda formalaşdırılmış etibarlı və əlverişli biznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensial əməkdaşlıq imkanları müzakirə edilib.