Finss.az - ABŞ-ın nəhəng qida və içki istehsalçısı PepsiCo 2025-ci maliyyə ilinin dördüncü rübü üzrə güclü maliyyə nəticələri açıqlayıb.
Şirkətin gəliri illik müqayisədə 5,6% artaraq 29,34 milyard dollara, xalis mənfəəti isə təxminən 1,7 dəfə artaraq 2,54 milyard dollara çatıb.
Səhmə düşən düzəliş edilmiş mənfəət 2,26 dollar olub ki, bu da bazar gözləntilərini üstələyib. Analitiklər bu göstərici üzrə 2,24 dollar proqnozlaşdırırdılar.
Şimali Amerikada qida seqmentinin gəliri 1,5%, içki seqmentinin gəliri isə 4% artıb. Beynəlxalq bazarlarda daha yüksək dinamika qeydə alınıb — EMEA regionunda 12%, Latın Amerikasında 11%, Asiya-Sakit okean regionunda isə 5% artım olub.
PepsiCo illik dividendləri 4% artıraraq səhm başına 5,92 dollara çatdırdığını bildirib. Şirkət dividendləri artıq 54 ildir ardıcıl olaraq yüksəldir.
Eyni zamanda, şirkət 10 milyard dollara qədər yeni səhm geri alım proqramına start verib. Proqram 2030-cu ilin fevral ayının sonunadək davam edəcək.
PepsiCo 2026-cı il üzrə proqnozunu da təsdiqləyib və üzvi gəlirdə 2–4%, səhmə düşən mənfəətdə isə 5–7% artım gözlədiyini açıqlayıb. Son üç ayda şirkətin bazar dəyəri 212 milyard dolları ötüb.
