2025-ci ildə Azərbaycanda neft hasilatında azalma tendensiyası davam etsə də, təbii qaz hasilatı və ixracı sabit və artan dinamika nümayiş etdirib.
Finss.az xəbər verir ki, rəsmi statistikaya əsasən, ölkədə əsas hasilat “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının payına düşüb.
Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci il ərzində Azərbaycanda qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil edilib. Bu göstərici 2024-cü illə müqayisədə 1,4 milyon ton və ya 4,8% azdır.
Hasilatın strukturunda 16,2 milyon ton AÇG, 3,8 milyon ton “Şahdəniz”, 0,6 milyon ton “Abşeron” yatağı, 7,1 milyon ton isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20,0 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb. İllik müqayisədə neft ixracı 1,3 milyon ton və ya 5,3% azalıb.
Rəsmi məlumatlara əsasən, 2025-ci ildə xam neftin orta gündəlik hasilatı 62,4 min ton (460 min barrel), kondensatın isə 13,5 min ton (111 min barrel) təşkil edib. Beləliklə, ümumi gündəlik neft hasilatı 75,9 min ton və ya 571 min barrel səviyyəsində olub.
Eyni zamanda, ötən il ərzində ölkədə 6,2 milyon ton neft emal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,4 milyon ton və ya 6,9% çoxdur.
Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu göstərici ötən illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4% artım deməkdir.
Qaz hasilatının 27,9 milyard kubmetri “Şahdəniz”, 14,1 milyard kubmetri AÇG, 1,6 milyard kubmetri “Abşeron” yatağı, 7,9 milyard kubmetri isə SOCAR tərəfindən təmin edilib.
Hesabat dövründə 25,2 milyard kubmetr qaz ixrac olunub, o cümlədən 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya göndərilib.
Rəsmi statistikaya əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2026-cı il yanvarın 1-dək ümumilikdə 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) və 508,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 668,3 milyon ton neft və 191,2 milyard kubmetr qaz ixrac olunub.
Hesablama Palatasının proqnozlarına görə, 2026-cı ildə AÇG yatağında xam neft hasilatının 120,1 milyon barrel olacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə 3,0 milyon barrel azdır. Proqnozlara əsasən, 2026-cı ildə karbohidrogenlərin satışından dövlətin xalis gəlirləri 5,03 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Mövcud göstəricilər göstərir ki, Azərbaycanda neft hasilatında azalma davam etsə də, təbii qaz hasilatı və xüsusilə Avropa bazarına qaz ixracı ölkənin enerji balansında aparıcı rolunu qoruyur və regional enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini gücləndirir.
Fuad Mədətov
Finss.az
