Qlobal enerji bazarlarında qiymət dinamikası ilə bağlı yeni proqnozlar açıqlanıb.
Finss.az xəbər verir ki, müxtəlif beynəlxalq mənbələrə, o cümlədən OPEC, ING Group, ABŞ Energetika Nazirliyi və aparıcı ticarət platformalarına istinadən yayılan məlumatlara əsasən, neft və təbii qaz bazarlarında orta və uzunmüddətli qiymət gözləntiləri dəyişkən olaraq qalır.
Məlumata görə, “OPEC+” alyansına daxil olan səkkiz aparıcı ölkə neft hasilatının artırılmasını dayandırmaq qərarını qüvvədə saxlayıb. Bildirilib ki, 2026-cı ilin mart ayı üçün neft hasilatı kvotaları 2025-ci ilin dekabr ayı səviyyəsində saxlanılıb. Razılaşmaya əsasən, bazar şərtlərindən asılı olaraq gündəlik 1,65 milyon barel həcmində hasilatın mərhələli şəkildə bərpası mümkün hesab olunur.
Neft və qaz üzrə qiymət proqnozları
Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF” təbii qazı üzrə 2028-ci ilə qədər yenilənmiş qiymət proqnozlarını dərc edib. Analitiklərin qiymətləndirməsinə görə:
- 2026-cı ildə “Brent” neftinin orta illik qiyməti – 57 ABŞ dolları/barel
- 2026-cı ildə “Dutch TTF” qazının orta illik qiyməti – 30 avro/meqavat-saat
- 2027-ci ildə “Brent” nefti – 62 ABŞ dolları/barel
- 2027-ci ildə “Dutch TTF” qazı – 26 avro/meqavat-saat
Rüblük bölgü üzrə 2026-cı ildə “Brent” neftinin qiyməti birinci rübdə 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58 dollar, dördüncü rübdə isə 54 dollar səviyyəsində proqnozlaşdırılır. “Dutch TTF” qazı üzrə qiymətlər isə müvafiq olaraq 33, 28, 27 və 30 avro təşkil edəcək.
Birjalarda cari qiymətlər
Son ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün “Brent” markalı neftin fyuçersləri 1,85% azalaraq 64,03 ABŞ dollarına, WTI markalı neft isə 2,0% ucuzlaşaraq 59,41 ABŞ dollarına düşüb.
ABŞ-də neft ehtiyatları
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə kommersiya neft ehtiyatları bir həftə ərzində 3,6 milyon barel artaraq 426,0 milyon barel təşkil edib. Qeyd olunub ki, bu göstərici ilin bu dövrü üçün beşillik orta səviyyədən 2% aşağıdır.
Qlobal qiymətlərin regional təsiri
Beynəlxalq analitiklərin fikrincə, qlobal neft və qaz qiymətlərində müşahidə olunan volatillik enerji ixracatçısı olan ölkələr üçün əsas risk və imkan amillərindən biri olaraq qalır. Qiymətlərin bir barel üçün təxminən 60 ABŞ dolları ətrafında formalaşması, enerji sektorunda gəlirlərin artım tempini məhdudlaşdıran əsas faktor kimi qiymətləndirilir.
Eyni zamanda vurğulanır ki, qlobal enerji bazarlarında qiymətlərin gələcək trayektoriyası əsasən geosiyasi risklərdən, tələbin bərpa tempindən və hasilat siyasətindən asılı olacaq.
Fuad Mədətov
Finss.az
