2025-ci ildə Azərbaycanda inflyasiya hədəf daxilində hərəkət edib və illik qiymət artımı proqnozlaşdırılan trayektoriyaya uyğun olub.
Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında illik inflyasiya 5,9%, noyabr ayında isə 5,5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8,2–7,1%, ödənişli xidmətlər üzrə 5,6–5,7%, qeyri-qida məhsulları üzrə isə 2,5% olub. Həmin dövrdə illik baza inflyasiya 5–4,8% səviyyəsində olub.
Məlumatda qeyd olunur ki, inflyasiyaya həm xarici, həm də daxili amillər təsir göstərir. Xarici amillər əsasən ticarət tərəfdaşlarındakı qiymət artımı (2,87 faiz bənd) və nominal effektiv məzənnə (0,38 faiz bənd) ilə əlaqəlidir. Daxili amillər isə təklif və tələb faktorları vasitəsilə inflyasiyanı artırıcı rol oynayıb.
Geosiyasi gərginliklər və qlobal ticarət mühitində qeyri-sabitlik də əmtəə və maliyyə bazarları ilə bağlı riskləri yüksək səviyyədə saxlayır. Eyni zamanda, 2026-cı ildə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 105,2%, qida məhsulları üzrə 106,4%, qeyri-qida məhsulları üzrə 102,5%, ödənişli xidmətlər üzrə isə 105,7% təşkil edib. Aylar üzrə müqayisədə isə dekabrda əvvəlki aya nisbətən indeks 100,8%, yanvar–dekabr aylarında isə 105,6% olub.
Ən çox bahalaşan məhsullar: qarabaşaq yarması, mal ətindən konservlər, balıq və balıq məhsulları, süd, yumurta, armud, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof, qara və yaşıl çay, alkoqollu içkilər.
Ən çox ucuzlaşan məhsullar: makaron, limon, portağal, naringi, alma, heyva, narın, xurma, kivi, ağ kələm, göyərti, balqabaq, lobya, süfrə çuğunduru, yerkökü.
Qeyri-qida məhsulları üzrə ən çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarında, ucuzlaşma isə məişət cihazlarında müşahidə olunub.
Beynəlxalq və yerli proqnozlar
- Fitch Ratings: 2025-ci ildə inflyasiya 5,7%, 2026-cı ildə 4,6%, 2027-ci ildə 4% olacaq. 2025-ci ilin yanvar–noyabr aylarında orta inflyasiya 5,7%, aprel–may aylarında pik hədd 6,4% olub.
- Niderlandın ING Group: 2025-ci ildə inflyasiya 5,6%, 2026-cı ildə 5%, 2027-ci ildə 8,9% səviyyəsində proqnozlaşdırılır. 2026-cı il üzrə rüblük proqnoz: I rüb – 5,1%, II rüb – 5%, III rüb – 4,8%, IV rüb – 5,1%.
- Azərbaycan Mərkəzi Bankı: 2025-ci ilin noyabr ayında inflyasiya 5,5%, illik baza inflyasiya isə 4,8% olub.
Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ildə ölkənin ÜDM real ifadədə 2,9% artaraq 134,1 milyard manat, qeyri-neft-qaz ÜDM isə 5% artaraq 101,7 milyard manat təşkil edəcək. ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı 75,8%-ə çatacaq. Proqnozlara görə, neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4% azalacaq.
Ortamüddətli dövrdə ÜDM-in həcmi 161,8 milyard manatadək, qeyri-neft-qaz sektorunun payı isə 80% səviyyəsinə yüksələcək.
İqtisadiyyat Nazirliyi baza ssenaridə orta illik inflyasiyanı 2026-cı ildə 4,8%, 2027–2029-cu illərdə isə illik orta hesabla 4,3% səviyyəsində proqnozlaşdırıb.
Beləliklə, 2025-ci ildə inflyasiya hədəf daxilində qalıb və əsasən qida məhsulları, ödənişli xidmətlər və qeyri-qida məhsullarının qiymət artımı ilə əlaqəlidir. 2026-cı ildə inflyasiyanın azalması gözlənilir və bu proses milli valyutanın sabitliyi və pul-kredit siyasətinin dəstəyi ilə müşayiət olunacaq.
Fuad Mədətov
Finss.az
