2025-ci ildə Azərbaycanda 22 startap ümumilikdə 2 622 500 ABŞ dolları həcmində investisiya cəlb edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Agentliyin illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında verib.
F.Osmanov bildirib ki, Agentliyin 5 prioritet istiqamətindən biri startapların maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasıdır:
“Bu istiqamətdə kifayət qədər çətinlik görürük. Xüsusilə də erkən mərhələdə olan startapların maliyyə əlçatanlığının artırılmasında təşviq mexanizmlərinə daha çox diqqət yetirilməlidir. Hesabat dövründə agentliyin birbaşa və ya dolayısı iştirakı ilə 3 vençur fond formalaşdırılıb. Bu fondlar, eləcə də beynəlxalq fondlar vasitəsilə startaplara maliyyə vəsaiti ayrılır. Bəli, maliyyə vəsaiti həcmi qənaətbəxş deyil. Bu istiqamətdə işlər aparılır. Beynəlxalq vençur fondları ilə əməkdaşlıq edirik. Eyni zamanda ölkəmizdə daha çox startapçıların formalaşdırılması, yeni fikir, ideyaların, eyni zamanda startapların cəlbediciliyinin artırılması üzrə işlər aparılır”.
Baş direktor əlavə edib ki, əsas çətinliyi qanunvericilikdə görürlər və bu istiqamətdə işlər davam edir:
“Biz daha çox vençur fəaliyyəti istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacın olduğunu görürük. Düşünürük ki, bu il bu istiqamətdə müvafiq qanunvericiliyin qəbulu və təkmilləşdirilməsinin və bundan sonra rəqəmlərin sürətlə artımının şahidi olacağıq”.
F.Osmanov qeyd edib ki, bu günə qədər texnoparkda qeydiyyatdan keçmiş rezidentlərin sayı 165-ə çatıb:
“Təkcə ötən il ərzində texnoparkda 47 şirkətə qeydiyyat şəhadətnaməsi verilib. Onlardan 4-ü xarici, 43-ü isə yerli şirkətlərdir”.
Baş direktor həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) üzrə görülən işlərdən danışıb:
“Ötən il Rəqəmsal Sənəd Dövriyyəsinə 17 təhsil ocağı, eyni zamanda 16 biznes subyekti inteqrasiya edilib. Artıq Rəqəmsal Sənəd Dövriyyəsinə 1300-dən artıq qurum inteqrasiya edilib, eyni zamanda 31 milyondan çox səhifəyə, vərəqə qənaət olunub. Bu isə ümumilikdə 5 700 ağaca qənaət edilməsi deməkdir. Bu texnologiya yaşıl cəmiyyətin qorunması istiqamətində aparılan uğurlu layihələrdən biri olmaqdadır”.
Fuad Mədətov
Finss.az
