BİZNES

02 Fevral

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb

2025-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 1,141 milyard ABŞ dolları təşkil edib, bu, 2024-cü illə müqayisədə 1,7 dəfə artım deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,31%-i səviyyəsində olub və bu ölkə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 8-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Böyük Britaniyaya 343,029 milyon dollar dəyərində məhsul ixrac edilib. Bunun 336,9 milyon dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarıdır və bu məhsulların həcmi 648,3 min ton təşkil edib. 2024-cü illə müqayisədə xam neft və neft məhsullarının ixracı dəyər baxımından 14,9%, həcm baxımından isə 1,7% azalıb.

Böyük Britaniyadan Azərbaycana isə 797,8 milyon dollar dəyərində idxal həyata keçirilib ki, bu da 2024-cü illə müqayisədə 2,9 dəfə artım deməkdir.

2025-ci ildə Azərbaycan ümumilikdə 49,423 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bunun 25,043 milyard dolları ixrac, 24,380 milyard dolları isə idxal təşkil edib. Ötən il ixrac 1,5 milyard dollar və ya 5,7% azalırken, idxal 3,322 milyard dollar və ya 15,8% artıb.

Nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb, bu isə illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az