Finss.az xəbər verir ki, Fransanın Insee milli statistika institutunun ilkin məlumatlarına əsasən, ölkənin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin dördüncü rübündə üçüncü rüblə müqayisədə 0,2% artıb.
“Trading Economics”in məlumatına görə, açıqlanan nəticə analitiklərin orta proqnozu ilə tam üst-üstə düşüb.
Hesabatda bildirilir ki, rüb ərzində istehlak xərcləri 0,3%, əsas kapitala investisiyalar isə 0,2% artım göstərib. Xarici ticarət göstəricilərində isə ixrac 0,9% artıb, idxal isə 1,7% azalıb, bu da ÜDM artımına müsbət təsir edib.
Məlumata görə, 2025-ci il üzrə Fransanın ÜDM-i 0,9% artıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 1,1%, 2023-cü ildə isə 1,6% təşkil etmişdi.
Analitiklər hesab edirlər ki, artım tempinin zəifləməsinə baxmayaraq, daxili tələb və ixrac göstəriciləri Fransa iqtisadiyyatının dayanıqlığını qoruyub saxlayır.
