Finss.az xəbər verir ki, Venesuela Milli Assambleyası prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesin yanvar ayının ortalarında irəli sürdüyü karbohidrogen qanununun qismən islahatını ikinci oxunuşda yekdilliklə təsdiqləyib. Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Qəbul edilən yeni müddəalara əsasən, neft və qaz sektorunda əməliyyatlar artıq təkcə dövlətə məxsus Petroleos de Venezuela S.A. (PDVSA) ilə birgə müəssisələr vasitəsilə deyil, həm də dövlət şirkətləri ilə xüsusi müqavilələr əsasında yaradılan özəl şirkətlər vasitəsilə həyata keçirilə biləcək.
Qeyd olunur ki, əvvəlki qanunvericilik PDVSA-nın müştərək müəssisələrdə nəzarət paketinə sahib olmasını tələb edirdi. Yeni islahatlar isə daha çevik mexanizmlər təqdim edərək özəl sektorun Venesuelanın enerji bazarına çıxış imkanlarını genişləndirir.
Analitiklər hesab edirlər ki, bu dəyişikliklər Venesuelanın neft sektoruna investisiya axınının artmasına və enerji sənayesində aktivliyin bərpasına təkan verə bilər.
