BİZNES

30 Yanvar

Azərbaycandan Yunanıstana neft ixracı artıb

2025-ci il ərzində Azərbaycandan Yunanıstana xam neft və neft məhsullarının ixracında əhəmiyyətli artım qeydə alınıb. İl ərzində bu ölkəyə 367,7 milyon ABŞ dolları dəyərində 702,4 min ton bitumlu süxurlardan əldə olunmuş məhsul göndərilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 143,4 milyon dollar və ya 1,6 dəfə, həcm baxımından 333,7 min ton və ya 1,9 dəfə artım deməkdir.

Hesabat dövründə Yunanıstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 7-ci yerdə qərarlaşıb. Bu, ölkənin enerji ixracında Yunanıstanın önəmli tərəfdaş olduğunu göstərir.

Ümumilikdə 2025-ci ildə Azərbaycandan 21 ölkəyə bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsullarının ixracı həyata keçirilib. Sözügedən məhsullar üzrə ixrac həcmi 23,4 milyon ton, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.

Rəsmi məlumatlara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunur ki, bu məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az