BİZNES

30 Yanvar

Azərbaycan ötən il dünya bazarlarına 23,4 milyon ton neft ixrac edib - SİYAHI

2025-ci il ərzində Azərbaycan dünya bazarlarına xam neft və neft məhsullarının ixracını davam etdirib. İl üzrə ölkədən 12,1 milyard ABŞ dollarından çox dəyərində təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, göstəricilər 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 milyard ABŞ dolları və ya 16,2% azalıb, eyni zamanda fiziki həcmdə 215 min ton və ya 0,9% artım qeydə alınıb. Bu da ixracın həcm baxımından stabil qaldığını, qiymət amilinin isə gəlirlərə təsir etdiyini göstərir.

Yanvar–noyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında İtaliya lider mövqeyini qoruyub. Hesabat dövründə bu ölkəyə 13,1 milyon ton həcmində, 6,7 milyard ABŞ dolları dəyərində neft və neft məhsulları ixrac edilib.

İlk üçlükdə Çexiya ikinci yerdə qərarlaşıb. Bu ölkəyə 1,4 milyon ton (742,2 milyon ABŞ dolları) həcmində ixrac həyata keçirilib. Xorvatiya isə 1,3 milyon ton və 666,6 milyon ABŞ dollarından çox dəyər göstəricisi ilə üçüncü pillədə yer alıb.

2025-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ən çox ixrac edildiyi 10 ölkə sırasında Rumıniya, Almaniya, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, İrlandiya və Tunis də yer alıb. Bu ölkələrə ixrac olunan məhsullar həm həcmi, həm də dəyəri baxımından Azərbaycanın enerji ixracında mühüm paya malik olub.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və beynəlxalq bazarlara üç əsas boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə daşınmalar dayandırılıb, ixrac əsasən BTC xətti üzərindən həyata keçirilir.

2025-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının idxalında ən böyük paya sahib olan 10 ölkənin həcmi və maliyyə göstəriciləri aşağıdakı cədvəldə təqdim olunur:

Ölkə İdxal Həcmi (ton) İdxal Məbləği (USD)
İtaliya 13 111 475,61 6 727 698 250
Çexiya 1 405 059,25 742 159 080
Xorvatiya 1 255 021,16 666 587 010
Rumıniya 1 122 055,58 598 454 150
Almaniya 956 716,48 502 018 650
Portuqaliya 803 374,35 430 730 820
Yunanıstan 702 354,87 367 729 040
Böyük Britaniya 648 255,19 336 954 560
İrlandiya 577 056,93 289 696 230
Tunis 432 028,56 227 895 520

Fuad Mədətov
Finss.az