2025-ci ildə Azərbaycandan Portuqaliyaya xam neft və neft məhsullarının ixracında əhəmiyyətli azalma müşahidə olunub. İl ərzində bu ölkəyə 430,7 milyon ABŞ dolları dəyərində 803,4 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları göndərilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, qeyd olunan göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon ABŞ dolları və ya 31,8%, həcm baxımından isə 201,6 min ton və ya 20,1% azalıb.
Hesabat dövrünün nəticələrinə əsasən, Portuqaliya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında 6-cı yerdə qərarlaşıb. Bu da ixrac göstəricilərindəki azalmaya baxmayaraq, Portuqaliyanın Azərbaycanın əsas ixrac bazarlarından biri olaraq qalmasını göstərir.
Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Sözügedən məhsullar üzrə ixracın ümumi həcmi 23,4 milyon ton, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.
Rəsmi məlumatlara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə neft və neft məhsulları ixracının dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, eyni zamanda fiziki həcmdə 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsullar 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni formalaşdırıb.
Fuad Mədətov
Finss.az
