BİZNES

30 Yanvar

Azərbaycandan Almaniyaya 502 milyon ABŞ dolları dəyərində nef ixrac edilib

2025-ci ildə Azərbaycandan Almaniyaya xam neft və neft məhsullarının ixracında ciddi azalma müşahidə olunub. İl ərzində bu ölkəyə 502 milyon ABŞ dolları dəyərində 956,7 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 224 milyon ABŞ dolları və ya 30,9%, fiziki həcmdə isə 208,3 min ton və ya 17,9% azalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Almaniyaya 726 milyon ABŞ dolları dəyərində 1,165 milyon ton neft və neft məhsulları ixrac edilmişdi.

Hesabat dövründə Almaniya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb. Bu fakt ixrac həcminin azalmasına baxmayaraq, Almaniyanın Azərbaycanın əsas enerji tərəfdaşlarından biri olaraq qalmasını göstərir.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Sözügedən məhsullar üzrə ixracın ümumi həcmi 23,4 milyon ton, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.

Rəsmi məlumatlara əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, eyni zamanda fiziki həcmdə 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan neft və neft məhsulları 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni formalaşdırıb.

Fuad Mədətov
Finss.az