2025-ci ildə Azərbaycandan Xorvatiyaya xam neft və neft məhsullarının ixracında azalma qeydə alınıb.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, il ərzində bu ölkəyə 666,6 milyon ABŞ dolları dəyərində 1,255 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları göndərilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,8 milyon ABŞ dolları və ya 23,7%, fiziki həcm baxımından isə 181 min ton və ya 12,6% azalıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Xorvatiyaya 873,4 milyon ABŞ dolları dəyərində 1,436 milyon ton neft və neft məhsulları ixrac edilmişdi.
Ümumilikdə isə 2025-ci ildə Azərbaycan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edib. Bu məhsullar üzrə ümumi ixrac həcmi 23,4 milyon ton, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.
Rəsmi məlumatlara görə, 2024-cü illə müqayisədə ixracın dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, eyni zamanda fiziki həcmdə 215 min ton və ya 0,9% artım müşahidə olunub.
Qeyd edək ki, xam neft və neft məhsulları 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni formalaşdırıb.
Fuad Mədətov
Finss.az
