2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 4,874 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 30,2% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,86%-ni təşkil edib və Çin Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü yerə yüksəlib.
2025-ci ildə Azərbaycandan Çinə ixrac 84,362 milyon ABŞ dolları olub. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.
Çindən Azərbaycana isə 4,790 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib. Bu da 2024-cü illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 28,6% artım deməkdir. Nəticədə, Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalarkən, idxal 3,322 milyard dollar və ya 15,8% artıb.
Nəticədə, xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
