BİZNES

29 Yanvar

2026–2027-ci illərdə Azərbaycan ÜDM artımı neft və qaz gəlirlərindən təsirlənəcək – S&P

“SP Global Ratings” agentliyi Azərbaycanın 2026–2027-ci illərdə real ümumi daxili məhsulun (ÜDM) artım dinamikasını müəyyənləşdirəcək əsas amilləri açıqlayıb.

Finss.az agentliyin məlumatına əsasən xəbər verir ki, Azərbaycanın iqtisadi artım tempinin nisbətən aşağı olması karbohidrogen sektorundan əldə olunan gəlirlərin azalması ilə bağlıdır. Belə ki, “neft hasilatının azalması və qaz hasilatı həcmlərinin durğunluğu qeyri-neft sektorunda müşahidə olunan mülayim genişlənməni üstələyir.”

SP vurğulayır ki, karbohidrogen gəlirlərinin dinamikası orta müddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinə əsas təsir göstərməyə davam edəcək.

Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə agentlik 2026-cı ildə ÜDM-in dayanıqlı artımını gözləyir. Lakin 2024–2025-ci illərlə müqayisədə artım tempinin tədricən zəifləyəcəyi, xüsusilə Qırğızıstan və Gürcüstanda daha nəzərəçarpan olacağı bildirilir.

Hesabatda qeyd olunur ki, Özbəkistanın iqtisadi artımı əsasən investisiyalar və ev təsərrüfatlarının istehlak tələbi hesabına dəstəklənir. Qırğızıstanda artım tempinin yavaşıması isə 2022-ci ildə Rusiya–Ukrayna münaqişəsindən sonra kəskin artmış Rusiya ilə ticarətin zəifləməsi, eləcə də daxili tələbin və tikinti fəaliyyətinin azalması ilə bağlıdır.

SP gözləyir ki, 2022–2023-cü illərdə müşahidə olunan anomal ticarət artımı, pul köçürmələri və kapital axınının normallaşması fonunda Ermənistan və Gürcüstan iqtisadiyyatlarında artım templəri tədricən sabitləşəcək. Qazaxıstan iqtisadiyyatı isə neft hasilatının artımı hesabına böyüməyə davam edəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmində ÜDM istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 1,4% çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 1,6% azalarkən, qeyri-neft-qaz sektorunda 2,7% artım qeydə alınıb. ÜDM-in istehsal strukturunda sahələrin payı belədir:

  • Sənaye – 33%
  • Ticarət və nəqliyyat vasitələrinin təmiri – 11,3%
  • Nəqliyyat və anbar təsərrüfatı – 7,1%
  • Tikinti – 6,5%
  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 5,9%
  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 2,8%
  • İnformasiya və rabitə – 2,1%
  • Digər sahələr – 21,7%

Məhsullara və idxala görə xalis vergilər ÜDM-in 9,6%-ni təşkil edib. Adambaşına düşən ÜDM isə 12 602,2 manat olub.

Fuad Mədətov
Finss.az