Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, 2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq.
Finss.az məlumat verir ki, BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarükləri 2024-cü il göstəricilərinə yaxın olacaq.
Agentlik bildirir ki, Şimali Afrika və Azərbaycandan idxalın mülayim artımı gözlənilir və bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında Türkiyə ilə müqavilənin başa çatmasından sonra Rusiya və İrandan boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya edəcək.
2025-ci ildə Rusiya qazının Avropa İttifaqına boru kəməri ilə tədarükü, Ukrayna vasitəsilə tranzitin dayandırılması səbəbindən 45% (təxminən 13 milyard kubmetr) azalmışdır. Eyni zamanda ilin ilk 11 ayında Türkiyəyə ixrac 2% artıb, Avropanın tələbində Rusiya boru qazının payı təxminən 8% təşkil edib. Şimali Afrikadan tədarük 4% azalıb, Azərbaycandan Avropa İttifaqına ixrac isə 2% aşağı düşüb.
BEA proqnozlaşdırır ki, 2026-cı ildə Avropada mayeləşdirilmiş təbii qaz (MTQ) idxalı artmaqda davam edəcək və rekord səviyyə olan 185 milyard kubmetr ötə bilər. Bu, əsasən anbarların doldurulmasına tələbin artması və Ukraynaya boru kəməri ilə qaz tədarüklərinin çoxalması ilə bağlıdır.
“Azərbaycanın əmtəəlik qaz istehsalı 2025-ci ilin ilk 11 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% (0,5 milyard kubmetr) artıb. Bu artım qismən Türkiyəyə tədarükün 4% (0,4 milyard kubmetr) yüksəlməsi hesabına təmin olunub,” – deyə BEA bildirir.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz istehsal edilib. Bunun 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqları, 27,9 milyard kubmetri “Şah Dəniz” yatağı, 1,6 milyard kubmetri “Abşeron” yatağı, 7,9 milyard kubmetri isə SOCAR-ın güclərində hasil olunub.
Ötən il qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (bunlardan 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya göndərilib.
