BİZNES

28 Yanvar

Azərbaycan–İran elektrik ticarətində artım qeydə alınıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 34,453 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir təqribən 979 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 806 min kVt/saat və ya 2,4%, dəyər baxımından isə 23 min ABŞ dolları və ya 2,4% artım göstərib.

Eyni dövrdə, İrandan Azərbaycana 908 min ABŞ dolları dəyərində 31,951 milyon kVt/saat elektrik enerjisi idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10 min ABŞ dolları və ya 1,1%, həcm baxımından isə 380 min kVt/saat və ya 1,2% azalmışdır.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ümumilikdə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat elektrik enerjisi ixrac edilib. Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Fuad Mədətov
Finss.az