BİZNES

28 Yanvar

Azərbaycandan İtaliyaya neft ixracı: həcm artıb, dəyər stabil qalıb

2025-ci ildə Azərbaycandan İtaliyaya 6,7 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 13,1 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 26 milyon ABŞ dolları və ya 0,4% az, həcm baxımından isə 2,2 milyon ton və ya 19,8% çoxdur.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan İtaliyaya 6,8 milyard dollar dəyərində 11 milyon ton neft və neft məhsulları ixrac edilmişdi. Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr arasında birinci yeri tutub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 23,4 milyon ton həcmində bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% az, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım deməkdir.

İxrac olunan məhsullar ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib. Hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar da ixrac olunub. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım göstərib. Sözügedən məhsulların ölkənin ümumi ixracında payı 1,72%-dir.

Fuad Mədətov
Finss.az