BİZNES

28 Yanvar

Azərbaycan ilə ABŞ ticarət dövriyyəsi 1,557 milyard ABŞ dolları səviyyəsində olub

2025-ci ildə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsi 1,557 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 196,3 milyon dollar və ya 11,2% azdır. ABŞ ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,15%-ini təşkil edib və bu ölkə ən çox ticarət apardığı 6-cı ölkə olub.

Hesabat dövründə Azərbaycandan ABŞ-ə 61,8 milyon dollar dəyərində məhsul ixrac olunub, bu da əvvəlki illə müqayisədə 73,2 milyon dollar və ya 2,2 dəfə azdır. Eyni zamanda ABŞ-dən Azərbaycana 1,495 milyard dollar dəyərində məhsul idxal olunub, bu göstərici 123 milyon dollar və ya 7,6% azalma deməkdir. ABŞ Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb, bu, 2024-cü illə müqayisədə 1,810 milyard dollar və ya 3,8% çoxdur. Xarici ticarət dövriyyəsinin 25,043 milyard dolları ixracın, 24,380 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal 3,322 milyard dollar və ya 15,8% artıb.

Yekun olaraq, xarici ticarətdə 663 milyon dollar dəyərində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az