2025-ci ildə Azərbaycanda sənaye sektoruna əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 7,916 milyard manat təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1% azdır. Sənaye sektoruna yatırılmış investisiyaların yekunda xüsusi çəkisi 37,3% təşkil edib.
Sənaye sahələri üzrə əsas kapitala yönəldilmiş sərmayələr belə bölünüb:
- Mədənçıxarma sənayesi: 5,213 milyard manat (+4,4%)
- Emal sənayesi: 636,7 milyon manat (−55,6%)
- Elektrik enerjisi, qaz və buxar istehsalı və paylanması: 1,711 milyard manat (+27,4%)
- Su təchizatı, tullantıların təmizlənməsi və emalı: 354,8 milyon manat (+57,6%)
Hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,226 milyard manat sərmayə yönəldilib, bu isə 2024-cü illə müqayisədə 5,6% azalma deməkdir.
- Neft-qaz sektoru investisiyaları: −10,3%
- Qeyri-neft-qaz sektoru investisiyaları: −3,9%
Ümumi sərmayənin bölgüsü:
- Məhsul istehsalı sahələri: 10,972 milyard manat (51,7%)
- Xidmət sahələri: 7,180 milyard manat (33,8%)
- Yaşayış evlərinin tikintisi: 3,074 milyard manat (14,5%)
Sərmayənin 53,2%-i dövlət, 46,8%-i qeyridövlət sektorunun payına düşüb. Sərmayə qoyuluşunun 75,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri isə ümumi sərmayənin 80,2%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
