BİZNES

27 Yanvar

Ötən il Azərbaycandan dəmir yolu ilə 3,06 milyard ABŞ dolları dəyərində yük daşınıb

2025-ci ildə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 3,06 milyard ABŞ dolları dəyərində 7,08 milyon ton yük daşınıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 270 milyon ABŞ dolları (8,1%), həcm baxımından isə 645 min ton (8,4%) azalma deməkdir.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə Azərbaycandan 895,9 milyon ABŞ dolları dəyərində 2,71 milyon ton yük ixrac olunub. Bu, dəyər ifadəsində 54,9 milyon ABŞ dolları (6,5%) artım, həcm baxımından isə 67 min ton (2,4%) azalma deməkdir.

Eyni dövrdə Azərbaycana dəmir yolu ilə 4,37 milyon ton yük idxal olunub, dəyəri isə 2,164 milyard ABŞ dolları təşkil edib. Bu, dəyər baxımından 325 milyon ABŞ dolları (13,1%), həcm baxımından isə 578 min ton (11,7%) azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə yük nəqliyyat vasitələri ilə 58,338 milyon ton yük daşınıb və onların dəyəri 49,423 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları (3,8%) artım, həcm baxımından isə 1,369 milyon ton (2,3%) azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac olunub, bu da dəyər baxımından 42 milyon ABŞ dolları (0,9%) azalma, həcm baxımından isə 1,511 milyon ton (5,7%) azalma deməkdir.

Fuad Mədətov
Finss.az