BİZNES

27 Yanvar

Azərbaycandan neft koksu və bitum ixracı artıb

2025-ci ildə Azərbaycandan 68,7 milyon ABŞ dolları dəyərində 217,2 min ton neft koksu ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 50,698 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm ifadəsində isə 7,3 min ton və ya 3,5% artım deməkdir. Hesabat dövründə neft koksu ixracı Azərbaycanın ümumi ixrac həcminin 0,27%-ni təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan 1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac olunub, bu da 2024-cü il ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları (5,2 dəfə), həcm ifadəsində isə 3,2 min ton (3,7 dəfə) artım deməkdir.

Hesabat dövründə Azərbaycandan dünyanın 21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalma, lakin həcm ifadəsində 215 min ton və ya 0,9% artım deməkdir.

Sözügedən məhsulların ixracı Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Hesabat dövründə 431,9 milyon ABŞ dolları dəyərində 735,8 min ton xam neft ixracı ilə yanaşı, bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları, eləcə də tərkibində 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac olunub. Bu göstəricilər 2024-cü illə müqayisədə dəyər ifadəsində 97 milyon ABŞ dolları (29%), həcm ifadəsində isə 198,2 min ton (36,9%) artım nümayiş etdirir.

Fuad Mədətov
Finss.az