BİZNES

27 Yanvar

Çin şirkəti Anta Puma-nın ən böyük səhmdarı olacaq

Finss.az xəbər verir ki, Çinin idman malları istehsalçısı Anta Sports Products Ltd. Almaniyanın Puma SE şirkətinin 29,06% səhmlərini 1,5 milyard avroya almağa razılaşıb.

Anta Honq-Konq birjasına verdiyi açıqlamada bildirib ki, Pinault ailəsinin holdinq şirkəti Artemis-dən hər biri 35 avro olmaqla 43,015 milyon Puma səhmi alacaq. Müqavilə nəticəsində Anta Puma-nın ən böyük səhmdarı olacaq.

Bazar ertəsi günü Puma səhmlərinin bağlanış qiyməti 21,63 avro təşkil edib. Anta-nın əldə etdiyi pay Almaniya qanunvericiliyində nəzərdə tutulan və digər səhmdarlara məcburi satınalma təklifini tələb edən 30%-lik həddən aşağı qalır.

Qeyd edək ki, Pinault ailəsinin Puma-dakı payını satmaq niyyəti barədə xəbərlər ötən ilin yayında gündəmə gəlmişdi. Bu payın alınması ilə maraqlanan şirkətlər arasında Anta ilə yanaşı, Çinin Li Ning Co. və Yaponiyanın Asics Corp şirkətləri də olub.

Analitiklərin fikrincə, bu sövdələşmə Anta-nın Avropa bazarındakı mövqelərini gücləndirəcək və qlobal idman sənayesində güc balansına təsir göstərəcək.