BİZNES

27 Yanvar

2026-cı ildə Azərbaycanda neft hasilatı sabit qalacaq - BEA

2026-cı ildə Azərbaycanda neft hasilatı günə 0,57 milyon barel səviyyəsində proqnozlaşdırılır.

Finss.az-ın Beynəlxalq Enerji Agentliyindən (BEA) əldə etdiyi məlumata görə, təşkilatın əvvəlki qiymətləndirməsi ilə müqayisədə proqnoz dəyişməz olaraq qalır.

BEA proqnozlarına görə, il ərzində hasilat rüblərə görə dəyişəcək. Belə ki, ilk iki rübdə hasilatın günə 0,58 milyon barel olacağı, üçüncü və dördüncü rüblərdə isə gündəlik 0,57 milyon barelə qədər azalacağı gözlənilir.

2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda günə 0,57 milyon barel neft istehsal edilib. Qeyd olunub ki, 2024-cü ildə ölkədə orta günlük hasilat 0,6 milyon barel təşkil edib.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı ilə birlikdə ümumilikdə 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 3,8 milyon tonu “Şahdəniz” yatağının, 600 min tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə (qaz kondensatı ilə birlikdə) 23,1 milyon ton neft ixrac edilib. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 600 min tonu isə JOCAP-ın payına düşüb.

Fuad Mədətov
Finss.az