BİZNES

26 Yanvar

İranın Azərbaycandan məhsul idxalı 9,67 milyon dollara düşüb

2025-ci İran ilinin 9 ayı ərzində (20 mart – 21 dekabr 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 63%, çəki baxımından isə 59% azalıb.

Finss.az İranın Gömrük Administrasiyasının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə İranın Azərbaycandan məhsul idxalı təxminən 9,67 milyon ABŞ dolları dəyərində 4,34 min ton təşkil edib. Ötən ilin analoji dövründə isə bu göstərici 26,2 milyon dollar dəyərində 10,7 min ton olub.

Məlumata görə, İran Azərbaycandan əsasən müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və digər məhsullar idxal edib.

Eyni zamanda, 9 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti 445 milyon dollar dəyərində və təxminən 651 min ton təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17%, çəki baxımından isə 1,48% azalıb.

Əlavə edək ki, İran Gömrük Administrasiyasının məlumatına görə, cari İran ilinin 9 ayında ölkənin ümumi məhsul idxalı 44,2 milyard dollar dəyərində 29,3 milyon ton olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15,2% azalıb, çəki baxımından isə 2,75% artıb.

Fuad Mədətov
Finss.az