BİZNES

26 Yanvar

Ötən il Azərbaycan təbii qaz ixracı ilə 8,8 milyard dollar gəlir əldə edib

2025-ci ildə Azərbaycan 25,2 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edərək 8,8 milyard ABŞ dolları gəlir əldə edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac dəyəri 413 milyon ABŞ dolları və ya 4,9% artıb, həcm baxımından isə 585 milyon kubmetr və ya 2,3% azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard dolları ixracın, 24,380 milyard dolları idxalın payına düşüb. Son il ərzində ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da keçən ilki göstərici ilə müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az