2025-ci ildə xarici maliyyə mənbələrindən əsas kapitala 4,203 milyard manat məbləğində investisiya yatırılıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 24 faiz çoxdur.
Məlumata görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 3,194 milyard manatı neft-qaz sektoru, 1,009 milyard manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü illə müqayisədə neft-qaz sektoruna yönəldilmiş xarici investisiyalar 10,8 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə təxminən 2 dəfə artıb.
Qeyd edilib ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,226 milyard manat investisiya yönəldilib ki, bu da 2024-cü illə müqayisədə 5,6 faiz azdır.
Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb.
Ümumi sərmayənin 10,97 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin, 3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Bildirilib ki, ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib, daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar isə ümumi sərmayənin 80,2 faizini təşkil edib.
Fuad Mədətov
Finss.az
