BİZNES

22 Yanvar

Vüsal Qasımlı: “İİTKM 2025-ci ildə dövlət proqramları üzrə 32 hesabat hazırlayıb”

İİTKM-də 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. 

Finss.az xəbər verir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib. Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür. 

Dövlət proqram idarəetməsi üzrə Mərkəz tərəfindən vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə daxil edilib, indikator əsaslı planlaşdırma üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib.

İİTKM dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə “Layihə idarəetməsi” modulu yaradıb. Modul vasitəsilə təxminən 1500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib ki, bu da risklərin vaxtında müəyyənləşdirilməsinə və qərarvermənin keyfiyyətinin yüksəldilməsinə imkan verir.

Dövlət proqram idaəetməsində tətbiq etdiyi yeniliklərlə İİTKM Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Asiya regionunda fəaliyyət göstərən nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalq mükafata layiq görülüb.

2025-ci ildə Mərkəzin “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb, 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub. "Enterprise Azerbaijan" portalında 141 startap və 15 ölkə üzrə iştirak qeydə alınıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar müraciəti daxil olub.

Mərkəzin elmi-analitik fəaliyyəti çərçivəsində 12 "İxrac icmalı", yeddi "İslahat icmalı", 106 videoicmal, 44 həftəlik icmal, səkkiz dildə "Türk iqtisadi icmalı"nın dörd sayı, "İqtisadi islahatlar" jurnalının iki buraxılışı, yeddi kitab nəşr olunub, eləcə də "Scopus" və "Web of Science" bazalarında indekslənmiş 17 elmi məqalə dərc edilib. 

İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC İnstitutu ilə əməkdaşlığı nəticəsində "Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi" (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) adlı kitab Rumıniyada, "İslam ölkələrinin iqtisadi potensialı" (The Economic Potential of Islamic Countries) adlı iki cildlik tədqiqat əsəri isə Böyük Britaniyanın nüfuzlu "Emerald" nəşriyyatı tərəfindən çap edilib.

Bunlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə "Halal iqtisadiyyat", Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində "İctimaiyyətlə əlaqələrin əsasları", Azərbaycan Mərkəzi Bankı, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Sığortaçılar Assosiasiyası" ilə birgə "InsurTech" adlı dərs vəsaitləri nəşr olunub.

İnsan resurslarının inkişafı məqsədilə Mərkəzin əməkdaşlarının 40-dan çox beynəlxalq təlimdə iştirakı təmin olunub, 570 könüllü proqramlara cəlb edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib.

Fuad Mədətov

Finss.az