2025-ci ildə Azərbaycan sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib ki, bu, 2024-cü illə müqayisədə 1,0% azalma deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,0% azalsa da, qeyri-neft-qaz sektorunda 5,5% artım müşahidə olunub.
Sənaye məhsulunun strukturuna baxdıqda, 59,6%-i mədənçıxarma sektoruna, 33,9%-i emal sektoruna, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoruna, 1,0%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoruna aiddir.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8% azalmasına baxmayaraq, əmtəəlik qaz hasilatı 0,7% artıb.
Emal sektorunda ən yüksək artım əczaçılıq məhsullarında (+86,3%), ağacın emalı və ağac məmulatlarında (+57,0%), maşın və avadanlıqların quraşdırılması və təmir işlərində (+31,1%) qeydə alınıb. Digər sahələrdə isə dəyişikliklər belə olub: toxuculuq sənayesi +24,5%, rezin və plastik məmulatlar +16,1%, tütün məmulatları +14,4%, neft məhsulları +13,7%, qida məhsulları +9,1%, kimya sənayesi +5,2%, kompüter, elektron və optik məhsullar +2,8%, içkilər +0,5%, metallurgiya +3,1%, tikinti materialları +4,3%, mebel +8,6%, geyim +15,1%, dəri və ayaqqabı +15,2%, maşın və avadanlıqlar +16,3%, hazır metal məmulatları +17,0%, elektrik avadanlıqları və poliqrafiya məhsulları +19,5%, kağız və karton +21,1%.
Eyni zamanda, avtomobil, qoşqu və yarımqoşqu istehsalı 40,3% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda artım 0,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5% olub.
Fuad Mədətov
Finss.az
