2025-ci ildə Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz” yatağında təbii qaz hasilatı 27,9 milyard kubmetr təşkil edib.
Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 0,4% artım deməkdir.
2024-cü ildə isə “Şahdəniz” yatağında qaz hasilatı 27,8 milyard kubmetr olub. Ümumilikdə, 2025-ci ildə Azərbaycan 51,5 milyard kubmetr təbii qaz hasil edib ki, bu da əvvəlki ilin hədəfi ilə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4% artım göstərir.
Xatırladaq ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir və dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Yatağın ümumi ehtiyatları 1 trilyon kubmetr qaz və 243 milyon ton kondensat təşkil edir. “Şahdəniz” qaz layihəsinin uğurlu icrası Azərbaycanı beynəlxalq bazarlarda qaz ixrac edən əsas ölkələrdən birinə çevirib.
2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başlayıb.
Fuad Mədətov
Finss.az
