BİZNES

22 Yanvar

Azərbaycan Türkiyəyə 1,036 mlrd kubmetr qaz ixrac edib

Azərbaycan 2025-ci ilin noyabr ayında Türkiyəyə boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk üçlüyündə mövqeyini möhkəmləndirib.

Finss.az Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) hesabatına əsasən xəbər verir ki, bu dövründə Türkiyə Azərbaycandan 1,036 milyard kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 6,81% artım deməkdir. Bununla yanaşı, Azərbaycan aylıq tədarük həcmlərinə görə İranı geridə qoyaraq, Rusiya Federasiyasından sonra Türkiyəyə boru kəməri ilə qaz ixrac edən ikinci ən böyük təchizatçı olub.

Eyni dövrdə Türkiyə İran İslam Respublikasından 888,64 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici bir il əvvəlki 853,82 milyon kubmetrlə müqayisədə 4,08% artım deməkdir.

Rusiya Federasiyası isə ən böyük təchizatçı mövqeyini qoruyub saxlayaraq 2025-ci ilin noyabr ayında Türkiyəyə təxminən 1,205 milyard kubmetr təbii qaz ixrac edib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 2,729 milyard kubmetrdən çox olub.

Ümumilikdə, 2025-ci ilin noyabr ayında Türkiyənin təbii qaz idxalı təxminən 5,038 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,23% azalma deməkdir.

Məlumata görə, boru kəməri ilə idxal olunan qazın həcmi 3,130 milyard kubmetr olub və bu göstərici 31,25% azalıb. Eyni zamanda, mayeləşdirilmiş təbii qazın (LNG) idxalı 52,24% artaraq 1,908 milyard kubmetr səviyyəsinə yüksəlib.

Fuad Mədətov
Finss.az