Azərbaycanla sülh prosesində əldə olunan irəliləyişlər Ermənistanın kredit reytinqinə müsbət təsir göstərə bilər.
Finss.az “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına əsasən xəbər verir ki, Ermənistanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqi (LTFC IDR) üzrə proqnoz “Sabit”dən “Müsbət”ə yüksəldilib, reytinqin özü isə BB- səviyyəsində təsdiqlənib.
“Fitch”in qiymətləndirməsinə görə, Ermənistan və Azərbaycan sülh sazişinin əldə olunmasına yönəlmiş birgə bəyannamə imzalayıblar ki, bu da qısamüddətli dövrdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Hesabatda vurğulanır ki, Azərbaycanla və onun ərazisi üzərindən ticarət tədricən bərpa olunur, eyni zamanda Türkiyə ilə münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Məlumatlara əsasən, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını da nəzərdən keçirir.
Agentlik hesab edir ki, Azərbaycanla sülh sazişinin ardıcıl və tam şəkildə icra olunması, eləcə də Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatının orta müddətli dövrdə artım potensialını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Bununla yanaşı, “Fitch” reytinqə mənfi təsir göstərə biləcək risklərə də diqqət çəkir. Bu risklər sırasında geosiyasi gərginliyin yenidən artması, siyasi və iqtisadi sabitliyi sarsıda biləcək hadisələr, habelə Azərbaycanla mövcud sülh prosesinin pozulması ehtimalı qeyd olunur.
Agentliyin analitikləri bildirirlər ki, reytinqin yüksəldilməsinə səbəb ola biləcək əsas amillər arasında geosiyasi risklərin və daxili siyasi qeyri-müəyyənliyin davamlı şəkildə azalması, xüsusilə də Azərbaycanla sülh prosesində mühüm və dönməz irəliləyişlərin əldə olunması əsas yer tutur.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Sözügedən layihə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adlandırılıb.
Görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflayıblar. Eyni zamanda, ATƏT-in Minsk prosesi və əlaqədar institutların fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət imzalanıb.
21 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuat bəyanatında bildirib ki, Azərbaycan Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu marşrut üzrə ilk tranzit yükü Qazaxıstandan Ermənistana göndərilən taxıl partiyası olub.
Bunun ardınca, 18 dekabr 2025-ci il tarixində SOCAR tərəfindən Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil benzini göndərilib. Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1 742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.
11 yanvar 2026-cı il tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton “Aİ-92” markalı avtomobil benzini Ermənistana çatdırılıb.
Fuad Mədətov
Finss.az
