BİZNES

21 Yanvar

Azərbaycanda külək və günəş enerjisi istehsalı əhəmiyyətli dərəcədə artıb

2025-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında artım qeydə alınıb.

Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, il ərzində külək elektrik stansiyalarında 169,7 milyon kVt·st, günəş elektrik stansiyalarında isə 599,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Eyni dövrdə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda istehsal olunan elektrik enerjisinin həcmi 222,1 milyon kVt·st təşkil edib.

Məlumata əsasən, 2024-cü illə müqayisədə külək elektrik enerjisi istehsalı 118,6 milyon kVt·st və ya 3,3 dəfə, günəş elektrik enerjisi istehsalı isə 43,5 milyon kVt·st və ya 7,8% artıb. Bununla yanaşı, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisi istehsalı 10,4 milyon kVt·st və ya 4,5% azalıb.

Ümumilikdə, ötən illə müqayisədə külək və günəş elektrik stansiyalarında istehsal 162,3 milyon kVt·st artaraq 769,5 milyon kVt·st-ə yüksəlib. Bu göstərici bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artdığını göstərir.

Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin ümumi istehsalı 262,3 milyon kVt·st və ya 0,9% artaraq 28,657 milyard kVt·st olub. Bu artım əsasən alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə əlaqələndirilir.

Fuad Mədətov
Finss.az