Finss.az xəbər verir ki, Avropada hava şəraitinin daha da soyuyacağına dair yenilənmiş proqnozlar qaz qiymətlərinin yüksəlməsinə əlavə təkan verib. Cümə günü Avropa TTF etalon mərkəzində gün öncəsi ticarət əməliyyatları min kubmetr üçün 426 dollara çatıb, halbuki cümə axşamı bağlanışı 401 dollar səviyyəsində olub.
Məlumata görə, yanvar ayında Avropada temperatur son on il yarım ərzində ən aşağı səviyyələrə enəcək. Proqnozlara əsasən, yanvar ayı iqlim normasından 3 dərəcə, 2025-ci il üzrə əvvəlki proqnozlardan isə 4 dərəcə daha soyuq keçəcək. Qeyd edək ki, yanvar qış mövsümünün ən soyuq ayı hesab olunur.
Aydın və şaxtalı hava şəraiti külək sürətinin aşağı olması, bəzi hallarda isə tam sakitliklə müşayiət olunur. Bu amil külək enerjisi istehsalını azaldır, nəticədə elektrik şəbəkəsinə əlavə yük yaranır.
Analitiklərin fikrincə, bu şəraitdə elektrik şəbəkəsinin etibarlılığı əsasən istehlaka yaxın yerləşən yeraltı qaz anbarları hesabına təmin edilir. Yeraltı qaz anbarları ən çevik enerji mənbəyi kimi çıxış edərək Avropada artan enerji tələbatının ödənilməsində mühüm rol oynayır. Bu isə qaz bazarında qiymətlərin yüksək səviyyədə qalmasına dəstək verir.
