KazMunayGas (KMG) şirkətinin törəmə müəssisəsi “Kazmotransflot” 2025-ci ildə Aktau–Bakı–Aktau istiqamətində 59,4 min TEU (iyirmi futluq ekvivalent) konteyner daşıyıb.
Finss.az KMG-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 15%-dən çox artım deməkdir.
Şirkət bu artımı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımalara tələbatın yüksəlməsi ilə izah edib.
Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə ölkənin dəniz nəqliyyatı ilə daşınan yükün həcmi 4,002 milyon ton olub. Bu, ötən illə müqayisədə 42% artım deməkdir. Yük dövriyyəsi isə 1,860 milyard ton-kilometr təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 17,6% çoxdur.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat və ticarət marşrutudur. Bu marşrut Qazaxıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçir və Çindən başlayaraq uzun dəniz yollarını əvəz edən quru yolu təklif edir. Orta Dəhliz həmçinin Şimal–Cənub dəhlizlərinə alternativ olaraq istifadə olunur.
Fuad Mədətov
Finss.az
