2026-cı ildə Azəri–Çıraq–Günəşli (AÇG) yatağında xam neft hasilatının 120,1 milyon barel səviyyəsində olacağı gözlənilir.
Finss.az Hesablama Palatasının məlumatına əsasən xəbər verir ki, bu göstərici hasilatın azalması fonunda 2025-ci ilin 123,0 milyon barel səviyyəsi ilə müqayisədə 3,0 milyon barel azdır.
Məlumata əsasən, AÇG yatağı üzrə hasilatın ən yüksək səviyyəsi 2010-cu ildə qeydə alınıb və həmin il hasilat 303,0 milyon barel təşkil edib. Sonrakı dövrdə isə yataqda davamlı azalma müşahidə olunur. Belə ki, 2026-cı il üzrə proqnozlaşdırılan hasilat həcmi pik dövrlə müqayisədə 183,0 milyon barel azdır və təxminən 2,5 dəfə aşağı səviyyədədir.
2005–2024-cü illər üzrə faktiki hasilat, eləcə də 2025–2026-cı illər üçün proqnoz göstəriciləri yataqda uzunmüddətli azalma trendini təsdiqləyir. 2005-ci ildə 95 milyon barel olan hasilat 2010-cu ildə 303 milyon barelə yüksəlsə də, 2024-cü ildə 125 milyon barel, 2025-ci ildə 123 milyon barelə düşüb. 2026-cı ildə bu göstəricinin 120 milyon barel olacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə mənfəət neftinin və qazının satışından əldə olunacaq ümumi gəlirlərin 5 030,0 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Bu məbləğin 4 235,8 milyon ABŞ dolları və ya 84,2%-i dövlətin AÇG yatağı üzrə payına düşəcək.
Xatırladaq ki, Azəri–Çıraq–Dərinsulu Günəşli yatağı Bakıdan təxminən 100 kilometr şərqdə, Xəzərin Azərbaycan sektorunda yerləşir və ölkənin ən iri neft yatağı hesab olunur. Yaxın illərdə yataqda ümumi hasilat azalmasının illik sürətinin 3–5% səviyyəsində saxlanılması planlaşdırılır. Hazırda AÇG-də 160 quyu fəaliyyətdədir.
Hasilatın optimallaşdırılması məqsədilə su və qaz vurulması üsullarından istifadə olunur. Eyni zamanda bp yeni texnologiyaların tətbiqi ilə əlavə quyuların qazılmasını davam etdirir. Şirkət növbəti 5 il ərzində AÇG-də yeni texnoloji həllər üzrə pilot layihələrin həyata keçirilməsini planlaşdırır.
Bundan əlavə, yenilənmiş emal metodları və daha səmərəli məlumat toplama mexanizmləri hesabına 4D-seysmik məlumatların dəqiqliyinin artırılması nəzərdə tutulur. Hər il yataqda 10-dan çox quyu qazılması yeraltı proseslərin daha dəqiq monitorinqinə ehtiyacı artırır. Mütəxəssislərin fikrincə, görülən tədbirlər AÇG yatağının potensialının ən azı onilliklər ərzində qorunub saxlanmasına imkan verəcək.
Fuad Mədətov
Finss.az
