2025-ci il Azərbaycandan Gürcüstana ixrac edilən təbii qazın həcmi 2,3 milyard kubmetr təşkil edib və bu göstərici əvvəlki illə müqayisədə azalma ilə yadda qalıb.
Finss.az Energetika Nazirliyinin açıqladığı rəsmi məlumatda bildirilib.
Məlumata əsasən, 2024-cü illə müqayisədə Azərbaycandan Gürcüstana qaz ixracı 0,1 milyard kubmetr və ya 4,2% azalıb. Belə ki, 2024-cü ildə Gürcüstana 2,4 milyard kubmetr təbii qaz ixrac olunmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda ümumilikdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə Azərbaycanın ümumi qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. İxrac edilən qazın 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP vasitəsilə 5,6 milyard kubmetr), 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya çatdırılıb.
Fuad Mədətov
Finss.az
