2025-ci ilin 30 sentyabr tarixinə Dövlət Neft Fondunun daşınmaz əmlak altportfelinin həcmi 4,681 milyard ABŞ dolları təşkil edib və portfelin genişlənməsi Fondun aktivlərinin şaxələndirilməsi strategiyasının davam etdiyini göstərib.
Finss.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə dair verdiyi Rəydə məlumat yer alıb.
Məlumata əsasən, Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 195,8 milyon funt sterlinq olan ofis kompleksinə, Moskva şəhərində “Tverskaya 16” biznes mərkəzində yerləşən, 2,823 milyard Rusiya rublu dəyərində “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə investisiya edib. Eyni zamanda Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən və 192,4 milyon avro dəyərində qiymətləndirilən daşınmaz əmlak kompleksi, eləcə də Tokio şəhərində yerləşən və 56 154 milyon yapon yeni dəyərində olan ticarət mərkəzi portfelə daxil edilib.
Hesabatda vurğulanıb ki, daşınmaz əmlak altportfeli təkcə birbaşa əmlak investisiyaları ilə məhdudlaşmır. Portfelə “PGIM”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon Co”, “FLE SICAV-FIS”, “Prologis”, “Charter Hall”, “Brookfield”, “Niam”, Beynəlxalq Maliyyə Korporasiyası, “EQT” və “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan fondlara yatırımlar da daxildir. Bununla yanaşı, “Azerbaijan Rigs” MMC-yə investisiyalar, “PGIM”, “Gaw Capital”, “KIC”, “AroundTown”, “KKR Co. Inc”, “Lunate”, “Carlyle Group”, “GIP” və “Brookfield” ilə birgə müştərək layihələr, eləcə də “Enfinity Global” şirkətinin bərpaolunan enerji layihəsinə birbaşa investisiya portfelin tərkib hissəsidir.
Fondun təqdim etdiyi məlumata görə, 2025-ci ilin ilk 9 ayı ərzində daşınmaz əmlak altportfelinin həcmi 1,144 milyard ABŞ dolları artıb. Artımın əsas səbəbləri kimi səhmlər altportfelinə daxil olan 571,1 milyon ABŞ dolları həcmində infrastruktur investisiyalarının yenidən təsnifləşdirilərək daşınmaz əmlak altportfelinə əlavə edilməsi, borc öhdəlikləri və pul bazarı altportfelindən yönəldilən əlavə vəsaitlər, həmçinin məzənnə fərqi üzrə əldə edilən gəlirlilik göstərilib.
Fuad Mədətov
Finss.az
