BİZNES

16 Yanvar

ARDNF-nin səhm portfeli 13,5% gəlirlilik göstərib

2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) səhmlər alt portfeli üzrə aktivlərin həcmi yenidən təsnifləşdirmələr, xalis pul çıxışı və müsbət investisiya gəlirləri fonunda 18,119 milyard ABŞ dollarına yüksəlib. Portfel üzrə gəlirlilik göstəriciləri əsasən bençmark indeksləri ilə uyğun formalaşıb.

Bu barədə Finss.az Hesablama Palatasının məlumatına əsasən xəbər verir ki, səhmlər alt portfelinə MSCI WorldMSCI Europe ex UK indekslərinə daxil olan şirkətlərin səhmləri, Rusiya Federasiyasının VTB bankının səhmləri, eləcə də Neuberger Berman şirkətinin idarə etdiyi özəl səhm fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Blackstone”, “Fondo Strategico Italiano”, “BC Partners”, “Carlyle Group”, “Vista Equity Partners”, “Thoma Bravo”, “Apollo Global Management”, “Warburg Pincus LLC”, EQT (əvvəlki adı – Baring), “PAG”, “Blue Owl”, “Cinven”, “Leonard Green Partners (LGP)”, “Brookfield”, “ARES Management”, “CVC Capital Partners”, “KKR Co. Inc”, “Vitruvian Partners”, “Fransisco Partners”, “Clayton, Dubilier Rice”, “New Mountain Capital”, “Azzurra Capital” şirkətləri tərəfindən idarə olunan fondlar daxil olub.

Bununla yanaşı, “Ares Management”, “BC Partners”, “Apollo Global Management”, “Vista Equity Partners”, “Cinven” və “Brookfield” şirkətləri ilə birgə müştərək investisiya da portfelə əlavə edilib. 2025-ci ilin 9 ayında səhm alt portfelinin gəliri məzənnə fərqi nəzərə alınmadan 2,155 milyard ABŞ dolları və ya 13,5% təşkil edib.

Xarici menecerlərin idarə etdiyi aktivlərin ümumi həcmi 15,854 milyard ABŞ dolları olub və portfel üzrə orta gəlirlilik 14,5% səviyyəsində formalaşıb.

Hesabat dövründə Fond tərəfindən 2025-ci il İnvestisiya Siyasətinə uyğun olaraq alt portfellər arasında aktivlərin yenidən təsnifləşdirilməsi aparılıb. Bu çərçivədə səhmlər alt portfelinə daxil olan 571,1 milyon ABŞ dolları həcmində infrastruktur investisiyaları Fondun Daşınmaz Əmlak alt portfelinə əlavə edilib. Eyni zamanda, Fondun Borc öhdəlikləri və Pul Bazarı alt portfelindən çıxarılmış vəsait hesabına əlavə 200 milyon ABŞ dolları və 10 milyon avro həcmində investisiya həyata keçirilib.

Fuad Mədətov
Finss.az