BİZNES

15 Yanvar

Gürcüstan Azərbaycandan 306,1 milyon dollar dəyərində qeyri-neft məhsulu idxal edib

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları ixracı 306,1 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,2 milyon dollar və ya 21% artım deməkdir.

Hesabat dövründə Gürcüstana ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 9,23% təşkil edib. Bu nəticəyə əsasən, Gürcüstan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr arasında dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,480 milyard dollar və ya 3,4% artım göstərib. Xarici ticarətin strukturu belə olub: ixrac 23,401 milyard dollar, idxal 21,188 milyard dollar. Ötən il ərzində ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Fuad Mədətov
Finss.az