BİZNES

09 Yanvar

Almaniyanın ümumi ixracında kəskin eniş

Finss.az xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) hesabatına əsasən, Almaniyanın Rusiyaya ixracı 2025-ci ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 5,5% azalaraq 551,5 milyon avroya düşüb.

Eyni dövrdə Rusiyadan Almaniyaya idxal əvvəlki ayla müqayisədə 22,5% artaraq 109,47 milyon avroya çatıb. Bununla belə, illik müqayisədə mənzərə fərqlidir. Belə ki, noyabr ayında Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 22,5%, Rusiyadan idxal isə 2,7% azalıb.

Destatis-in məlumatına görə, 2025-ci ilin yanvar–noyabr ayları arasında Almaniyanın Rusiyaya ixracı 9,2%, Rusiyadan idxalı isə 32,1% azalıb. Bu göstəricilər iki ölkə arasında ticarət əlaqələrinin zəifləməkdə davam etdiyini göstərir.

Bununla yanaşı, təqvim və mövsümi amillər nəzərə alınmaqla, Almaniyanın noyabr ayında ümumi ixracı əvvəlki aya nisbətən 2,5% azalaraq 128,1 milyard avroya düşüb. Bu rəqəm son 13 ayın ən aşağı ixrac səviyyəsi kimi qeydə alınıb.

Analitiklərin fikrincə, xarici ticarətdə müşahidə olunan zəifləmə Almaniya iqtisadiyyatı üçün riskləri artırır və Avropa bazarlarında qeyri-müəyyənlik fonunda ixrac göstəricilərinə əlavə təzyiq yaradır.