Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa və Mərkəzi Asiya–Azərbaycan–Avropa istiqamətlərini birləşdirən üç əsas “yaşıl” enerji dəhlizinin ötürmə potensialı 10 QVt-a qədər arta bilər. Bu imkan Azərbaycanın transsərhəd təmiz enerji ötürülməsi üzrə regional mərkəz kimi mövqeyini gücləndirə bilər.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunan məqaləsində bildirib.

Məqalədə qeyd olunur ki, 2014–2023-cü illər ərzində qlobal enerji təklifi 13 faiz artıb və bu dinamika enerji tələbinin davamlı yüksəlişi ilə bağlıdır.
“Sənayeləşmə, əhalinin artımı və iqtisadi inkişaf növbəti 25 il ərzində, xüsusilə inkişaf etməkdə olan ölkələr və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan Asiya iqtisadiyyatları tərəfindən tələbatı daha da artıracaq. Bu artım, eyni zamanda, 1990-cı ildən bəri qlobal karbon qazı emissiyalarının 77 faiz yüksəlməsinə səbəb olub ki, bu da razılaşdırılmış tədbirlərə təcili ehtiyacın olduğunu vurğulayır. Buna cavab olaraq, 140-dan çox ölkə qlobal emissiyaların əksəriyyətini əhatə edən karbon neytrallığı hədəflərini qəbul edib. Praktiki yanaşma təmiz enerjinin sürətlə miqyaslandırılmasını və enerji səmərəliliyinin artırılmasını, eyni zamanda mövcud sistemin ekoloji izinin azaldılmasını nəzərdə tutur. İqlim dəyişikliyi sərhəd tanımadığından, ədalətli keçid üçün kollektiv əməkdaşlıq zəruridir”, – məqalədə deyilir.
SOCAR prezidentinin fikrincə, qlobal iqtisadi transformasiyalar və geosiyasi qeyri-sabitlik şəraitində enerji təhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Bu yanaşma sistemin etibarlılığına və iqtisadi sabitliyə xələl gətirmədən bərpa olunan enerji mənbələrinin inteqrasiyasını nəzərdə tutur.
“Ölkə ‘Təmiz ətraf mühit və yaşıl artım’ məqsədini ‘Azərbaycan 2030’ strategiyasına daxil edib və bərpa olunan energetikanın inkişafına xüsusi diqqət yetirir. Enerji səmərəliliyi fondu ətraf mühitə təsiri azaldan və sektorun effektivliyini artıran təşəbbüsləri kreditlər, qrantlar və subsidiyalar vasitəsilə dəstəkləyir. Karbohidrogen sektorundan istifadəni davam etdirməklə yanaşı, Azərbaycan paralel şəkildə bərpa olunan enerjinin inkişafını təşviq edir. 2007-ci ildən etibarən təmiz elektrik enerjisi ixracatçısı olan ölkə generasiya imkanlarının modernləşdirilməsi və ötürücü şəbəkələrin gücləndirilməsi hesabına enerji təhlükəsizliyini artırıb. 2023-cü ilə qədər elektrik enerjisi istehsalı 29,3 milyard kVt/saat-a çatıb ki, bu da son onilliklə müqayisədə 25,5 faiz artım deməkdir”, – məqalədə qeyd olunur.
Bildirilir ki, 2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən, hökumət enerji balansının şaxələndirilməsini və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının genişləndirilməsini planlaşdırır.
Rövşən Nəcəfin sözlərinə görə, Azərbaycanın qurudakı bərpa olunan enerji mənbələrinin texniki potensialı 135 QVt, dənizdə isə 157 QVt səviyyəsində qiymətləndirilir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını təxminən 40 faizə çatdırmağı hədəfləyir.
“Son beş il ərzində Azərbaycan bərpa olunan enerjinin tətbiqində əhəmiyyətli irəliləyişlər əldə edib:
- Qaradağ Günəş Elektrik Stansiyası (230 MVt) – Xəzər regionunun ən iri günəş enerjisi obyektidir və 2023-cü ildə istismara verilib;
- Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası – ümumi gücü 270 MVt olan 32 stansiya istismara verilib, 500 MVt-a qədər genişləndirmə planlaşdırılır;
- Xızı–Abşeron Külək Elektrik Stansiyası (240 MVt) – ACWA Power və SOCAR tərəfindən inkişaf etdirilir, tam gücün 2025-ci ilin sonunadək təmin edilməsi gözlənilir;
- Biləsuvar (445 MVt) və Neftçala (315 MVt) günəş layihələri – COP29 çərçivəsində maliyyələşmə baxımından tamamlanıb, gözlənilən illik istehsal 1,7 milyard kVt·s-dan çoxdur;
- Şəfəq Günəş Elektrik Stansiyası (240 MVt) – azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş layihəsidir, illik istehsal həcmi 500 milyon kVt·s təşkil edəcək”, – məqalədə bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son beş ildə hidroelektrik stansiyalarında elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi üzrə istehsal isə 12,6 dəfə artıb.
Məqalədə vurğulanır ki, milli enerji keçidi strategiyaları regional miqyasda karbonsuzlaşdırmaya töhfə verə bilər. Strateji coğrafi mövqeyi və mövcud ötürücü infrastrukturu nəzərə alındıqda, Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında enerji körpüsü rolunu oynayır.
“Ölkə üç əsas ‘yaşıl’ enerji dəhlizinin inkişafını fəal şəkildə davam etdirir:
- Xəzər – Qara dəniz – Avropa
- Azərbaycan – Türkiyə – Avropa
- Mərkəzi Asiya – Azərbaycan – Avropa.
2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında ‘yaşıl’ enerjinin inkişafı və ötürülməsi üzrə Strateji Tərəfdaşlıq Sazişinin imzalanması Avropaya ‘yaşıl’ enerji dəhlizinin açılması istiqamətində mühüm addım oldu”, – məqalədə deyilir.
Ümumilikdə, bu üç dəhliz vasitəsilə 10 QVt-a qədər bərpa olunan elektrik enerjisinin ötürülməsi mümkün ola bilər ki, bu da Azərbaycanın regional təmiz enerji mərkəzi kimi rolunu gücləndirir.
Məqalədə həmçinin SOCAR-ın inteqrasiya olunmuş enerji strategiyasına toxunulur. Şirkət enerji təhlükəsizliyi, keçid təşəbbüsləri, rəqəmsallaşma və innovasiyanı birləşdirən uzunmüddətli inkişaf modeli həyata keçirir. Rəqəmsal transformasiya və məlumatlara əsaslanan idarəetmə alətləri əməliyyat səmərəliliyinin artırılmasına xidmət edir.
Bu çərçivədə Petkim Neft-Kimya Kompleksi Dünya İqtisadi Forumu tərəfindən “Gələcəyin Fabriki” kimi tanınıb, STAR Neft Emalı Zavodu isə Qlobal Mayak Şəbəkəsində yer alan ilk neft emalı müəssisəsi olub. SOCAR Karbamid Zavodunda süni intellekt əsaslı istehsal optimallaşdırılması 2024–2025-ci illərdə resurs istifadəsini azaldaraq 13 milyon dollar əlavə dəyər yaradıb.
Dekarbonizasiya istiqamətində isə SOCAR COP28 çərçivəsində Neft və Qazın Dekarbonizasiyası Xartiyasına qoşulub, metan emissiyalarının azaldılması və xalis sıfır hədəflərinə çatmaq üçün mərhələli planlar müəyyənləşdirib. Bu məqsədlə OGMP 2.0 təşəbbüsünə qoşulub və yaşıl, aşağı karbonlu layihələrin idarə olunması üçün SOCAR Green MMC-ni təsis edib.
Məqalədə qeyd olunur ki, enerji keçidi balanslı və ədalətli olmalıdır. Bərpa olunan mənbələrin genişlənməsinə baxmayaraq, bir çox regionlarda enerji əlçatanlığı problemi qalmaqdadır və bu səbəbdən innovasiyanı təşviq edən, iqtisadi inkişafı nəzərə alan siyasətlər zəruridir.
SOCAR-ın ənənəvi neft və qaz istehsalçısından inteqrasiya olunmuş enerji şirkətinə transformasiyası enerji təhlükəsizliyi ilə iqlim məqsədlərinin uzlaşdırılmasının mümkünlüyünü göstərən praqmatik model kimi təqdim olunur.
Fuad Mədətov
Finss.az
