BİZNES

07 Yanvar

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,9% artıb

2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olduğu bildirilib.

Bu barədə Finss.az-a DVX-dən məlumata verilib.

Qeyd edilib ki, bu göstərici müəyyən olunmuş proqnozdan 853,5 milyon manat çoxdur. Məlumata görə, 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.

Açıqlamaya əsasən, qeyri-neft-qaz sektorundan büdcəyə 12 milyard 6 milyon manatdan çox vəsait daxil olub. Bu sektor üzrə daxilolmalar proqnozu 336,1 milyon manat üstələyib, əvvəlki illə müqayisədə isə 978,7 milyon manat və ya 8,9 faiz artım qeydə alınıb.

Bildirilib ki, 2025-ci ildə ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

Rəsmi məlumatda qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2025-ci il ərzində 6 milyard 448,3 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə əvvəlki ilə nisbətən 12,2 faiz artaraq 4,3 milyard manata yaxın olub.

Məlumata görə, işsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 10,0 faiz artaraq 228,9 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 10,5 faiz artaraq 173,3 milyon manatdan çox olub.

Eyni zamanda bildirilib ki, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,5 faiz artaraq 1,1 milyard manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 10,0 faiz artaraq 793,4 milyon manatdan artıq olub.

Fuad Mədətov
Finss.az