2025-ci ilin dekabr ayına qədər İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 45,6 milyon manat güzəştli kredit ayırıb.
Bu barədə Finss.az nazirliyə istinadən xəbər verir.
Eyni zamanda, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu bölgələrdə həyata keçirilən investisiya layihələri zəmanət-subsidiya mexanizmi ilə dəstəklənir. Mexanizmə əsasən, sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdiyi kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər dövlət tərəfindən subsidiyalaşdırılır.
Bu ilin dekabr ayına qədər 43 layihə üzrə sahibkarların banklardan götürdüyü 55,9 milyon manat kreditə 47,8 milyon manat həcmində zəmanət təmin olunub. Həmçinin bank krediti faizlərinin subsidiyalaşdırılması üçün 14,4 milyon manat vəsait ayrılıb. Zəmanət-subsidiya mexanizmi ilə dəstək almış sahibkarlar əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm sahələrində fəaliyyət göstərir, ərazilərdə iqtisadi canlanmaya töhfə verirlər.
Əlavə olaraq, müraciətlərin operativ qəbulu üçün “Elektron kredit və zəmanət” informasiya sistemi fəaliyyət göstərir. Sahibkarlar kredit təşkilatına getmədən, elektron sistem vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.
ABİF-in təqdim etdiyi güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri işğaldan azad edilmiş ərazilərdə yeni təsərrüfat subyektlərinin yaranmasına və mövcud bizneslərin genişlənməsinə şərait yaradır.
