BİZNES

30 Dekabr

Azərbaycana Çin birbaşa investisiyaları emal sənayesinə fokuslanıb

2025-ci ilin ilk yarısında Azərbaycana Çin tərəfindən yatırılan birbaşa xarici investisiyaların (BXXİ) həcmi 405 milyon dollar təşkil edib. Bu göstərici 2016-cı ilin 259 milyon dolları ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Finss.az bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) hesabatına əsasən xəbər verir ki, BXXİ-nin orta illik artım tempi 2016-cı ildən 4,8%, 2022-ci ildən isə təxminən 9,7% olub.

Portfelin əsas istiqaməti emal sənayesidir: Çin BXXİ-lərinin 88%-i (355 milyon dollar) məhz bu sahəyə yönəldilib. Sektor üzrə yatırımlar 2016-cı illə müqayisədə təxminən 40 dəfə artıb.

Elektrik və qaz təminatı sahəsində isə portfelin 12,3%-i olmaqla 50 milyon dollarlıq layihələr həyata keçirilir. Məsələn, “Universal Energy” və “Universal Solar Azerbaijan” Qobustan rayonunda 100 MVt gücündə Günəş Elektrik Stansiyası inşa edir, investisiyaların həcmi 100 milyon dollar qiymətləndirilir. Eyni zamanda, “China Datang Overseas” Böyükşor gölü ərazisində 30 MVt saxlama sistemli 100 MVt gücündə günəş elektrik stansiyası layihəsini hazırlayır.

Emal sənayesi layihələrinə gəldikdə, “BYD” şirkəti Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarının yığımı üçün “Electrify Azerbaijan” müəssisəsini qurur; ilkin investisiya 17 milyon dollar, istehsalın genişləndirilməsi halında isə bu məbləğ 60–94 milyon dollara çatdırıla bilər. Ağdam Sənaye Parkında isə özəl Çin investoru “Fujiai Azerbaijan” zavodunu açır; zavod lift və eskalator istehsalı ilə məşğul olacaq, planlaşdırılan investisiya həcmi 2 milyon dollardır.

Bütün layihələr investorların öz vəsaiti hesabına maliyyələşdirilir və Çin tərəfindən birbaşa büdcə dəstəyi olmadan həyata keçirilir. Hesabatda qeyd olunur ki, Cənubi Qafqaz ölkələrində Çin BXXİ-ləri davamlı artım nümayiş etdirir və sahə strukturunda keyfiyyətli transformasiyanı əks etdirir. 2016-cı ildən 2025-ci ilin ilk yarısına qədər BXXİ həcmi 284 milyon dollardan 690 milyon dollara yüksəlib, investisiya portfeli əsasən Azərbaycana və Gürcüstana (99%) cəmlənib.