BİZNES

29 Dekabr

Agentlik məişət texnikası satan sahibkarlarla görüş keçirdi

Finss.az - Görüşdə məişət təyinatlı mürəkkəb texniki malların elektron ticarəti sahəsində aşkar edilmiş nöqsanlar və onların həlli yolları ətrafında müzakirələr aparılıb, sahibkarlara istehlakçı hüquqlarının müdafiəsi və reklam qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı tövsiyələr verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində məişət təyinatlı mürəkkəb texniki malların satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş təşkil edilib. Görüş müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı son dövrlərdə Agentliyə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri əsasında sözügedən məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəsmi internet saytlarında aparılmış monitorinqlər zamanı bir sıra nöqsanların aşkar edilməsi ilə əlaqədar keçirilib.

Görüş zamanı sahibkarlara istehlakçılardan daxil olmuş müraciətlər əsasında müvafiq sahədə aparılan təhlil və araşdırmaların nəticələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektron ticarətin həyata keçirildiyi rəsmi internet saytlarında məhsulların əsas istehlak xassələri, qiymətləri, çatdırılma xərcləri və şərtləri, ödəniş və sifarişin icra qaydaları, məhsulların mənşəyi və texniki göstəriciləri barədə tam və dolğun məlumatın verilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, satış şərtləri və müqavilələrdə istehlakçı hüquqlarını məhdudlaşdıran müddəaların yerləşdirilməsinə yol verilməməli, həmçinin endirim kampaniyaları zamanı reklam qanunvericiliyinin tələblərinə əməl olunmalıdır.

Sonda məişət təyinatlı mürəkkəb texniki malların satışını həyata keçirən sahibkarlıq subyektlərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları ilə bağlı Agentlik tərəfindən məktubların göndərildiyi diqqətə çatdırılıb və aşkar edilmiş nöqsanların mümkün qısa zamanda aradan qaldırılmasının zəruriliyi vurğulanıb.