BİZNES

29 Dekabr

Azərbaycandan Niderlanda neft ixracı artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Niderlanda ixrac olunan bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsullarının həcmi 360,7 min ton, dəyəri isə 182,9 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76,1 milyon dollar və ya 1,7 dəfə, həcm baxımından isə 191,7 min ton və ya 2,1 dəfə artım göstərir.

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında Azərbaycandan Niderlanda 169 min ton xam neft və neft məhsulları ixrac olunmuş, dəyəri isə 106,8 milyon dollar təşkil etmişdi.

Həmçinin, yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Ümumi ixrac 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları olub.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az