2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan 6,825 milyard manat sənaye sektoruna sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8% artım göstərir. Sənaye sektorunun əsas kapitala yatırılan investisiyalardakı xüsusi çəkisi 41% təşkil edib.
Ümumilikdə, yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16,659 milyard manat sərmayə qoyulub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3% artım deməkdir.
Hesabata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,5% azalarkən, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,3% artıb.
Ümumi sərmayənin bölgüsü belə olub:
- Məhsul istehsalı sahələri: 8,421 milyard manat (50,6%)
- Xidmət sahələri: 5,614 milyard manat (33,7%)
- Yaşayış evlərinin tikintisi: 2,623 milyard manat (15,7%)
Sərmayənin 51,1%-i dövlət, 48,9%-i qeyridövlət sektorunun payına düşüb, sərmayə qoyuluşunun isə 76,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Fuad Mədətov
Finss.az
